İsmayıllı rayonunda dövlət dəstəyi ilə 15 kənd qonaq evi yaradıldı – FOTO

27
May
18:40
thumb_down 0
45

Dövlət Məşğulluq Agentliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sifarişi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin icra etdiyi  “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti -  kənd qonaq evi istifadəyə verilib.  

Yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri İsmayıllı rayonunun Buynuz, Xanəgah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində yerləşir.
Kənd qonaq evlərinin istifadəyə verilməsi ilə əlaqədar İsmayıllı rayonunun Buynuz kəndində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, eləcə də bir sıra dövlət qurumlarının və müxtəlif QHT-lərin nümayəndələri iştirak edib.

Qeyd olunub ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin məqsədi regionlarda sahibkarlığın təşviq olunması və özünüməşğulluğun təmin edilməsi ilə əhalinin rifah halının yaxşılaşdırılmasına dəstək olmaqdır. Layihənin icrasına 2020-ci ilin sentyabr ayından başlanılıb. Layihənin iştirakçısı olan kənd sakinləri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya özünü bu sahədə inkişaf etdirmək istəyən şəxslərdir. İştirakçıların seçimi zamanı sosial cəhətdən həssas qruplara aid şəxslərə üstünlük verilib. Layihənin digər üstünlüyü turizm sahəsində 15 mikro sahibkarlıq subyektinin yaradılmasına nail olunmasıdır.

Tədbir iştirakçıları kənd qonaq evləri ilə tanış olub, onlara layihə çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.  

 KOBİA-nın dəstəyi ilə kənd qonaq evləri əsaslı şəkildə təmir edilib və onların sahiblərinin turizm və xidmət sahələrində bilik və bacarıqlara yiyələnməsi üçün silsilə təlimlər təşkil olunub. Dövlət Məşğulluq Agentliyi tərəfindən isə özünüməşğulluq proqramı çərçivəsində qonaq evləri müvafiq avadanlıqlarla (divan və kreslo, stol-stul, yataq dəstləri, qarderob, soyuducu, kondisoner, televizor, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s.) təmin olunub.
Tədbir çərçivəsində həmçinin, İsmayıllı rayonuna məxsus ənənəvi fəaliyyət sahələrinə dair stendlər də nümayiş olunub.  

Layihəyə qoşulmuş kənd sakinləri qonaq evlərinin yaradılmasının onların gəlirlərinin artmasında və məşğulluqlarının təmin edilməsində, rayonda sahibkarlığın inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib, dəstəyə görə təşəkkürlərini bildiriblər.